Songfestival Azerbaijan

Ermənistan üçün səhnəyə Albert Armenakyan çıxacaq

MƏQALƏNİ PAYLAŞ:

12 yaşlı gənc istedad Albert Armenakyan bu il Tbilisidə keçiriləcək Uşaq Avroviziyasında Ermənistanı təmsil edəcək. O, ölkə daxilində keçirilən seçim mərhələsində 80-dən çox iştirakçı arasından seçilərək qalib adını qazanıb. Münsiflər heyətində tanınmış adlar — 2014-cü ilin Avroviziya təmsilçisi Aram MP3 və “Ladaniva” qrupunun üzvü Jako da yer alıblar.

Albert Yerevanda doğulub və musiqiyə altı yaşında başlayıb. Hazırda həm vokal, həm də piano təhsili alır. Bu il Fransada yayımlanan “The Voice Kids” yarışmasının 11-ci mövsümündə finala qədər yüksəlib, orada məşqçisi məşhur sənətçi Patrick Fiori olub. Üstəlik, Albert artıq üç ildir ki, ardıcıl olaraq Uşaq Avroviziyasının Ermənistan üzrə seçim mərhələsində iştirak edir — bu səhnəyə çıxmaq onun çoxdankı arzusudur.

Albert seçimi elan ediləndə duyğularını belə ifadə edib:

“Ermənistanı Uşaq Avroviziyasında təmsil etmək mənim üçün böyük xoşbəxtlikdir. Arzular gerçəkləşir — yetər ki, onlara ürəkdən inanasan. Uşaq yaşlarımdan böyük səhnədə oxumağı xəyal edirdim və indi bu xəyal reallığa çevrilib. Bu, həm qürur, həm də məsuliyyətdir. Mən ölkəmi layiqincə təmsil etməyə və Tbilisidə digər iştirakçılarla tanış olmağa hazıram.”

Ermənistan nümayəndə heyətinin rəhbəri David Tserunyan isə bildirib ki, Ermənistan Uşaq Avroviziyası tarixində ən uğurlu ölkələrdən biridir: iki dəfə qalib gəlib (2010 və 2021-ci illərdə) və 10 dəfə ilk üçlükdə yer alıb. Bu il isə ölkə tamamilə yeni format və fərqli mesajla yarışa qatılacaq. Albertin ifa edəcəyi mahnı yaxın günlərdə təqdim ediləcək.

Tərlan İskəndərov
Tərlan İskəndərov
Articles: 91