İslandiyada Avroviziyanın milli seçim mərhələsi olan Söngvakeppnin 2026-nın aqibəti hələ də naməlumdur. Dövlət televiziyası RÚV yarışmanın bu il keçirilib-keçirilməyəcəyini açıqlamayıb və proses tam olaraq dayanmış vəziyyətdədir.
Mahnı qəbulu texniki olaraq açıq qalsa da, rəsmi son tarix müəyyən edilməyib. Bu da həm sənətçilər, həm də azarkeşlər arasında qarışıqlıq və narahatlıq yaradıb.
RÚV-un televiziya proqramları direktoru və “Söngvakeppnin”in prodüseri Rúnar Freyr Gíslason yerli mediaya bildirib:
“Qısa cavab budur ki, vəziyyət hələ də qeyri-müəyyəndir. Məsələni araşdırırıq və yaxın günlərdə aydınlıq gözləyirik.”
Sentyabr ayında RÚV İslandiyanın Avroviziya 2026-da iştirak etməyi planlaşdırdığını təsdiqləmişdi. Lakin bu qərar Avropa Yayım Birliyinin (AYB) İsrailin yarışmadakı iştirakına dair yekun mövqeyindən asılıdır.
Planlaşdırılan noyabr səsverməsi, İsrail və Həmas arasında elan olunan müvəqqəti atəşkəs səbəbilə təxirə salınıb. Məsələnin dekabrda keçiriləcək AYB Baş Assambleyasında müzakirə olunacağı gözlənilir, lakin qəti qərar bu mərhələdə də verilməyə bilər.
Mənbələrə görə, bu il Söngvakeppnin üçün təqdim olunan mahnıların sayı əvvəlki illərlə müqayisədə xeyli azdır. Səbəb sadədir — İslandiyanın yarışmada iştirak edib-etməyəcəyi hələ də sual altındadır.
Hazırda nə aparıcılar, nə də təşkilat heyəti barədə məlumat açıqlanmayıb. Ötən il mahnı qəbulu cəmi 23 gün çəkmişdisə, bu dəfə artıq iki aya yaxın vaxt keçib, amma hələ də dəqiq tarix yoxdur.
Beləliklə, İslandiyanın Avroviziya 2026-da iştirakı və Söngvakeppnin yarışmasının taleyi hələ də sual altındadır.
Xatırladaq ki, ölkəni Avroviziya 2025-də Væb “Róa adlı mahnı ilə təmsil etmişdi. Onlar böyük finalda cəmi 33 xal toplayaraq müsabiqəni 25-ci sırada tamamlayıb.




