Songfestival Azerbaijan

İctimai Televiziyadan rəsmi açıqlama gəldi

MƏQALƏNİ PAYLAŞ:

İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2026” Mahnı Müsabiqəsindəki təmsilçisi və mahnısı ilə bağlı rəsmi açıqlama verib.

Açıqlamada ölkəmizin “Avroviziya 2026” üçün daxili seçim turu modeli, seçim turunun gedişatı barədə məlumat verilib. Bundan əlavə, rəsmilər daha öncə də bildirdikləri kimi, seçim prosesinə 100 müraciətin daxil olduğunu, bu müraciətlər fonunda 186 mahnının təqdim olunduğunu bildiriblər. 186 mahnının 107-si yerli müəllif və müğənnilər, 79-u isə xarici ölkə vətəndaşı bəstəkarlar tərəfindən göndərilən mahnılar idi.

İlkin mərhələdən etibarən seçim prosesində ekspertlər seçiləcək ifaçının reputasiyası və səhnə təcrübəsini, eləcə də vokal imkanlarını nəzərə alıblar. İlkin mərhələnin ardından seçilən 18 ifaçı növbəti mərhələ üçün canlı dinləmə və fərdi müsahibələrə dəvət edilib. Onların səhnə performansları, ifa üslubu, vokal imkanları dəyərləndirilib. JIVA-nın namizədliyi ayrı nəzərdən keçirilərək, onun “Səs Azərbaycan 2025” layihəsində qalib olması da nəzərə alınıb. Dinləmələr nəticəsində daha 2 sənətçi müəyyənləşdirilib və JIVA ilə birlikdə yekun “shortlist”-ə 3 nəfər daxil olub.

Yekun qərar xüsusi formalaşdırılmış fokus qrupu və ekspert rəyi əsasında verilib. Nəzərə alınan əsas meyar isə bu ildən etibarən yenidən yarımfinallarda münsif səsverməsinin tətbiq ediləcəyi olub. Məhz buna görə, JIVA-nın namizədliyi daha qabarıq şəkildə önə çıxıb və o seçilib.

Mahnımız “Just Go”-nun müəllifi isə 1961-ci ildə Bakıda anadan olmuş Fuad Cavadovdur. Fuad Cavadov Bakıda 6 saylı Musiqi Məktəbində təhsil almış, sonra Asəf Zeynallı adına Musiqi Kollecinin məzunu olmuşdur. 1986-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycam Dövlət Konservatoriyasına daxil olaraq ali təhsilini almışdır. Hazırda Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində yaşayır və Amerika Bəstəkarlar Assosasiyasının üzvüdür.

Bundan əlavə İctimai Televiziyadan verilən açıqlamaya əsasən, son günlərdə mahnımız “Just Go”-nun süni intellekt vasitəsilə yaradılması şayiələrinin tamamilə həqiqəti əks etdirmədiyi bildirilib.

Ramin İmanov
Ramin İmanov
Articles: 35