Songfestival Azerbaijan

Fransa “Avroviziya 2026” təmsilçisini elan etdi: 17 yaşlı Monroe Vyanaya gedir!

MƏQALƏNİ PAYLAŞ:

“Avroviziya 2026” mahnı müsabiqəsinə hazırlıq prosesində olan Fransa nümayəndə heyəti builki seçimini təqdim edib.

Bir neçə gün davam edən maraqlı və sirli görüntülərin ardından məlum olub ki, ölkəni Avstriyanın paytaxtı Vyanada gənc ifaçı Monroe təmsil edəcək.

Cəmi 17 yaşı olan ifaçı, elandan qısa müddət sonra bu xəbəri öz sosial media hesablarında təsdiqləyərək “Avroviziya” ailəsinə qoşulduğunu bildirib.

Monroe müsabiqə səhnəsində “Regarde!” (Bax!) adlı mahnı ilə çıxış edəcək. Təqdimat çərçivəsində hazırlanan və böyük maraqla qarşılanan xüsusi videoçarxda ifaçının uşaqlıq illərini və musiqi yolunun başlanğıcını əks etdirən səmimi arxiv kadrlarına yer verilib.

Videonun ən diqqətçəkən məqamlarından biri isə sonluqda mahnının adı olan “Bax!” sözünün bir çox dildə, o cümlədən Azərbaycan dilində yazılmasıdır. Bu yaradıcı addım mahnının beynəlxalq auditoriyaya yönəlmiş mesajının bir hissəsi kimi qiymətləndirilir.

Monroe öz performansını 16 may 2026-cı il tarixində keçiriləcək böyük final gecəsində nümayiş etdirəcək. Fransanın bu il gənc və müasir bir sima ilə yarışmaya qatılması, ölkənin son illərdəki yenilikçi musiqi strategiyasının davamı kimi görünür.

Artıq hazırlıqlarına start verən Monroe, 17 yaşında fransız bayrağını Avropanın ən böyük musiqi platformasında dalğalandırmağa hazırlaşır.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 76