Songfestival Azerbaijan

Danimarka təmsilçisi üçün 8 namizəd bəlli oldu

MƏQALƏNİ PAYLAŞ:

Danimarkanın milli yayımçısı DR, ölkənin ən nüfuzlu musiqi müsabiqəsi olan “Dansk Melodi Grand Prix 2026″da (DMGP) iştirak edəcək 8 namizədi və onların mahnılarını elan edib. Builki seçim turu həm janr müxtəlifliyi, həm də iddialı adları ilə diqqət çəkir. Müsabiqədə Sander Sanchez “Two Spirits”, Ericka Jane “Death of Me”, Emil Otto “Copenhagen Noir”, Myrkur “Touch My Love and Die”, Late Runner “Can U Feel It?”, Søren Torpegaard Lund isə ana dilində səsləndirəcəyi “Før vi går hjem” mahnısı ilə mübarizə aparacaq. Həmçinin, Lasse Skriver “Roaring Heart” adlı bəstəsi ilə Danimarka təmsilçisi olmaq şansı uğrunda yarışacaq.

Siyahının ən böyük sürprizi və builki seçimlərin əsas müzakirə mövzusu ötən ilin Danimarka təmsilçisi Sissalın yenidən namizədlər arasında yer almasıdır. 

Ötən il Danimarkanı Avroviziya səhnəsində uğurla təmsil edən ifaçı, bu dəfə “Infinity” adlı mahnısı ilə ardıcıl ikinci qələbəsini hədəfləyir. Pərəstişkarlar tərəfindən böyük maraqla qarşılanan bu qərar, Sissalın builki müsabiqədə əsas favoritlərdən biri olacağını göstərir.

“Dansk Melodi Grand Prix 2026” finalı 14 fevral tarixində Frederikshavn şəhərindəki “Arena Nord” kompleksində baş tutacaq. İctimaiyyət və münsiflər heyətinin birgə qərarı ilə seçiləcək qalib, may ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Avroviziya 2026” mahnı müsabiqəsində Danimarkanı təmsil etmək hüququ qazanacaq.

Əli Hüseyn
Əli Hüseyn
Articles: 49