Böyük Britaniyanın “Avroviziya 2026” hazırlıqları ətrafında yaranan müəmma ölkə mətbuatını və sosial medianı hərəkətə gətirib.
Məşhur “The Sun” qəzeti tərəfindən yayılan məlumata görə, “BBC” kanalı daxili seçim prosesində Britaniyanı Vyanada təmsil edəcək sənətçini artıq müəyyənləşdirsə də, son anda qərarından imtina edib. İddialara görə, buna səbəb həmin ifaçının keçmişdə sosial şəbəkələrdə etdiyi və uyğunsuz hesab edilən onlayn davranışlarıdır. Kanal komandasının apardığı araşdırma zamanı aşkar edilən bu məqamlar sənətçinin namizədliyinin ləğv edilməsi ilə nəticələnib.
Lakin “BBC” tərəfindən verilən rəsmi açıqlama hadisəyə fərqli işıq salır. Kanal bildirib ki, adı çəkilən və ya hər hansı digər bir ifaçı ilə “Avroviziya 2026” üçün rəsmi müqavilə imzalanmayıb və heç kimə rəsmi təklif verilməyib.
BBC-nin nümayəndəsi vurğulayıb ki, Böyük Britaniyanı belə böyük bir platformada təmsil edəcək şəxs hər zaman çox ciddi və çoxpilləli bir yoxlama prosesindən keçir. Kanalın bu açıqlaması medianın “kənarlaşdırma” iddialarını dolayısı ilə təkzib etsə də, seçim prosesinin nə qədər gərgin və həssas keçdiyini bir daha sübut edib.
Hazırda Britaniya təmsilçisi üçün axtarışlar davam edir və prosesə tanınmış mütəxəssislər Endryu Kartmell və Devid Mey rəhbərlik edirlər. BBC rəhbərliyi bildirib ki, təmsilçinin adı bütün yoxlamalar tamamlandıqdan sonra “münasib vaxtda” açıqlanacaq.
Ötən ilki uğursuzluqdan (19-cu yer) sonra BBC-nin bu il xüsusilə ehtiyatlı davranması, həm musiqi keyfiyyəti, həm də sənətçinin reputasiyası baxımından ən doğru qərarı verməyə çalışması diqqətdən yayınmır.




