“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Vyanada keçiriləcək “Avroviziya 2026” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnının seçimi ilə bağlı müraciətlərin qəbuluna başladığını elan edir.
Seçimlərdə iştirak etmək istəyən ifaçılar 18 yanvar tarixinədək mahnıları ilə birlikdə öz müraciətlərini song@eurovision.az elektron ünvanına göndərə bilərlər.
Təqdim olunan mahnılar hazır olmalı və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına tam uyğun gəlməlidir. Avropa Yayım Birliyinin (EBU) tələblərinə əsasən, mahnının xronometrajı 3 dəqiqədən artıq olmamalıdır. Eyni zamanda, mahnı 2025-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və kütləvi informasiya vasitələrində (televiziya, radio və ya internet üzərindən) yayımlanmamalıdır.
Seçimlərdə iştirak edən hər bir namizəd özü haqqında qısa məlumatı da müraciətə əlavə etməlidir. Göstərilən tələblərə cavab verməyən müraciətlər etibarlı hesab edilməyəcək.
İctimai Televiziya və Radio Yayımları seçilən mahnıya dəyişiklik və əlavələr etmək hüququnu özündə saxlayır.
Foto : EBU




