Dünyanın bir çox ölkəsi “Avroviziya 2026” təmsilçisinin adını artıq açıqlasa da, Azərbaycanın builki seçimi hələ də böyük maraqla gözlənilir.
Axşam.az saytına istinadən xəbər veririk ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova iştirakçı seçimində artıq son mərhələyə çatdıqlarını bildirib.
O, Vyanada ölkəmizi təmsil edəcək namizədin müəyyənləşməsi üçün hazırda üç güclü ifaçı və mahnı üzərində seçim aparıldığını qeyd edib.
Prosesdəki gecikməyə və seçim mərhələsinə toxunan Nurlana Cəfərova bildirib:
“Hazırda 3 güclü ifaçı və mahnı var. Bunun üzərində seçim aparılır. Sonuncu iclas sabah olacaq. Onda təmsilçimizin kim olacağını biləcəyik. Mediaya isə bunun gələn həftə açıqlanması gözlənilir. Gecikməyə səbəb “Focus Group”un rəylərini almaq idi. Bunu toplamaq zaman aldı. Qrupa xaricdən olan nümayəndələr, bəstəkarlar, prodüserlər, səhnə tərtibatçıları, prodüserlər, söz yazarları daxildir. Hamının fikri bir olmalıdır. Eyni zamanda hər 3 mahnı və ifaçı güclü olduğu üçün qərar vermək çətin idi”.
Beləliklə, gələn həftə Azərbaycanın “United By Music” şüarı altında Vyana səhnəsində ölkəmizi kimin təmsil edəcəyi elan ediləcək.




