Polşada baş tutan “Finał Krajowych Kwalifikacji 2026” milli seçim turunun qalibi Alicja Szemplińska olub.
İfaçı final gecəsində təqdim etdiyi “Pray” mahnısı ilə həm münsiflərin, həm də tamaşaçıların səsverməsində liderliyi ələ alaraq Polşanın 2026-cı il nümayəndəsi seçilib. Səsvermənin nəticələrinə əsasən, Alicja ən yaxın rəqibləri Basia Giewont və Anastazja Maciągı geridə qoyaraq ümumi reytinqdə ən yüksək balı toplayıb.
Bu qələbə Alicja üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, gənc ulduz hələ 2020-ci ildə “Empires” mahnısı ilə Polşanı təmsil etmək hüququ qazansa da, koronavirus pandemiyası səbəbindən müsabiqə ləğv edilmiş və onun arzusu yarımçıq qalmışdı.
Sonrakı illərdə də şansını sınayan, lakin 2023-cü il seçim turunda 6-cı olan ifaçı, nəhayət, 6 illik inadkar mübarizədən sonra yenidən ölkəsinin bayrağını “Avroviziya” səhnəsində dalğalandırmaq şansı əldə edib.
Artıq “Avroviziya” fanatları tərəfindən “ədalətin bərpası” kimi qiymətləndirilən bu qələbədən sonra Alicjanın Vyanada nümayiş etdirəcəyi performans böyük maraqla gözlənilir.




