Tbilisidə keçiriləcək “Uşaq Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin tamaşaçı səsverməsi başlayıb. Tamaşaçılar bu il səsvermədə iki mərhələ üzrə iştirak edəcəklər: finaldan əvvəl və final gecəsi son çıxış başa çatdıqdan dərhal sonra.
Səsvermə yalnız müsabiqənin rəsmi platforması olan www.jesc.tv saytında həyata keçirilir. Dünyanın istənilən ölkəsində yaşayan tamaşaçılar ölkələrindən asılı olmayaraq səsverməyə qoşula bilərlər. Səsin qeydə alınması üçün istifadəçilər platformanın təqdim etdiyi qısa videoya baxmalı və ən azı üç ölkəni seçməlidirlər. Hər bir istifadəçi hər mərhələdə yalnız bir dəfə səs verə bilər. Səsvermə tamamilə ödənişsizdir.
Birinci mərhələ:
Səsvermə 13 dekabr tarixində saat 00:00-da (Bakı vaxtı ilə) aktivləşəcək və həmin gün saat 19:59-da başa çatacaq.
İkinci mərhələ:
Final gecəsi Albaniyanın çıxışı tamamlandıqdan dərhal sonra açılacaq və cəmi 15 dəqiqə davam edəcək. Bu mərhələdə də qaydalar eyni şəkildə tətbiq olunacaq və tamaşaçılar eyni cihazdan yenidən səs vermək hüququna malik olacaqlar.
Azərbaycanı təmsil edən Yağmura dəstək göstərmək istəyən tamaşaçılar qeyd olunan qaydalar çərçivəsində öz səslərini rəsmi platforma üzərindən təqdim edə bilərlər.



