Monteneqro 10 ildən sonra “Uşaq Avroviziya”ya geri dönür və ölkəni 13 yaşlı Asja Džogović təmsil edəcək.
Bielo Polyedən olan gənc ifaçı artıq bir çox milli və regional musiqi festivallarında uğur qazanıb. O, Podqoricada “Naša Radost”, Novi Pazarda “Zlatna Nota” müsabiqələrinin qalibi olub, həmçinin Rožajedə “Zlatna Pahulja”, Banya Lukada “Đurđevdanski Festival” və Požegada “Ja Sam Tvoj Drug” səhnələrində parlaq çıxışlar edib.
Asjanın karyerasında ən diqqətçəkən məqamlardan biri 2024-cü ildə Sarayevoda “Kids Stars Festival” və Zaqrebdə “Voice of the Stars” müsabiqələrində qazandığı Qran Pri mükafatlarıdır. O, Belqradda keçirilən “Angel Voice” festivalında da dəfələrlə mükafatlandırılıb.
Gənc ifaçı müsabiqə ilə bağlı deyib:
“Ölkəmi Gürcüstanda təmsil etmək böyük qürur və məsuliyyətdir. Mən özümə və komandama inanıram, regiondakı uğurlarımı bu dəfə də davam etdirəcəyəm. Bu, mənim ən böyük sınağımdır və uğur qazanacağımıza əminəm”.
Asja asudə vaxtlarında rəsm çəkməyi və voleybol oynamanı sevir, lakin musiqi onun ən böyük həvəsidir. Onun ifa edəcəyi mahnı yaxın həftələrdə açıqlanacaq.




