
Azərbaycanın “Uşaq Avroviziya 2025” təmsilçisi bəlli olub. Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək müsabiqədə ölkəmizi 12 yaşlı istedadlı ifaçı Yağmur təmsil edəcək. Bu barədə məlumat İctimai Televiziya və Radio Yayımları Şirkətinin bu gün təşkil etdiyi mətbuat konfransında açıqlanıb.
Seçim iki mərhələdən ibarət olub. İlkin mərhələdə 60-dan çox müraciət arasından 15 iştirakçı canlı dinləməyə dəvət edilib. Peşəkar münsiflər heyətinin qiymətləndirməsi nəticəsində Yağmur böyük üstünlüklə qalib gələrək Azərbaycan təmsilçisi adını qazanıb.
Münsiflər heyətində tanınmış sənət adamları – Xalq artisti Siyavuş Kərimi, bəstəkarlar Gövhər Həsənzadə, Vüqar Camalzadə və Yaşar Baxış, müğənni Samirə Əfəndi, həmçinin rejissor Cavid İmamverdiyev yer alıblar.
2013-cü ildə doğulan Yağmur 8 yaşından musiqi ilə məşğuldur. Hazırda 5 nömrəli Uşaq İncəsənət Məktəbinin 3-cü sinif şagirdidir. Estrada, pop və klassik musiqiyə maraq göstərən gənc ifaçının sevimli sənətçiləri arasında Michael Jackson, Billie Eilish, Jennie (Blackpink), Aygün Kazımova və Aybəniz Haşımova var.
Yağmur təmsilçi seçilməsini böyük sevinclə qarşılayıb:
“Azərbaycanı Tbilisidə təmsil etmək mənim üçün inanılmaz təcrübə olacaq. Çox xoşbəxtəm.”

Onun anası da qızının uğurunu qürurla qeyd edib:
“Musiqiyə sevgim hər zaman Yağmura motivasiya verib. İndi onun arzularının gerçəkləşməsini görmək ailəmiz üçün böyük fəxrdir.”
Xatırladaq ki, “Uşaq Avroviziya 2025” 13 dekabrda Tbilisidə keçiriləcək. Yarışma Avropanın ən istedadlı uşaqlarını bir araya gətirərək mədəniyyətlərarası dialoqa töhfə verir və gənc ifaçılara beynəlxalq tanınma imkanı yaradır. Azərbaycanın bu yarışmada iştirakı isə həm gənc istedadların təcrübə qazanmasına, həm də milli musiqimizin dünyada tanıdılmasına xidmət edəcək.





